Bildiyimiz kimi, "elektron imza" virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitə, təsdiqedici komponentdir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur.
Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi "elektron imza" virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir. Məhz bu səbəbdən ondan istifadə bu gün yetərincə aktualdır və ümumən "elektron imza" istifadəçilərinin sayı artmaqda davam edir.
"Elektron imza" sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 oktyabr tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 64008, fiziki şəxslər üzrə 16590, hüquqi şəxslər üzrə isə 16526 olmaqla, ümumilikdə 97124 "elektron imza" sertifikatı Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.
Məlumat üçün bildirək ki, 2016-cı ilin 9 ayı ərzində istifadəyə verilən "elektron imza" sertifikatının ümumi sayı 19892 təşkil edib. Onlardan dövlət qurumlarının payına 16470, fiziki şəxslərin payına 772, hüquqi şəxslərin payına isə 2650 "elektron imza" sertifikatı düşüb.