Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müəllimlər rəsmi elektron poçt ünvanları ilə təmin olunur
Təhsil Nazirliyi, “Microsoft Azərbaycan” şirkətinin və “Mədəd Azərbaycan” təşkilatının birgə layihəsi çərçivəsində Azərbaycan müəllimləri rəsmi elektron poçt ünvanları ilə təmin olunur.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Microsoft Azərbaycan” şirkətinin dəstəyi ilə həyata keçirilən layihədə müəllimlərin poçt ünvanları “teacher.edu.az” domen adı altındadır. Elektron poçt ünvanları “Microsoft Live@Edu” texnoloji platformasının bazasında işləyir.
İlkin mərhələdə “Microsoft” korporasiyasının “Təhsildə Əməkdaşlıq” proqramı çərçivəsində “Mədəd Azərbaycan” təşkilatı ilə birlikdə “Elektron Məktəb” pilot layihəsinə qoşulmuş məktəblərin müəllimləri üçün “Live@Edu” platforması bazasında elektron poçtların istifadəsi üzrə xüsusi təlimlər keçilib.
Sonrakı mərhələdə dövlət proqramı çərçivəsində müəllimlər və inzibati işçilər üçün Mədəd Azərbaycan təşkilatı tərəfindən keçirilən təlimlərdə iştirak edənlər də rəsmi elektron poçt ünvanı alacaqlar. “ad.soyad@teacher.edu.az” kimi elektron poçt ünvanlarının olması müxtəlif səviyyələrdə kommunikasiyalar üçün yeni imkanlar yaradıb.
Elektron poçt vasitəsilə müəllimlər öz aralarında əlaqələri daha da genişləndirəcəklər.
Vahid elektron poçt ünvanları reyestrinin olması məktəblər, rayon təhsil şöbələri,Təhsil Nazirliyi səviyyəsində məlumatlandırmanı sistemli və mərkəzləşdirilmiş qaydada həyata keçirməyə imkan verir.
Qeyd edək ki, məktəblər öz pedaqoji kollektivləri üçün rəsmi elektron ünvan almaq üçün “administrator@teacher.edu.az” ünvanına müraciət edə bilərlər.
27/09/11 Çap et