Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ağıllı” saat istifadəçinin əlindəki obyektləri müəyyənləşdirəcək
Karnegi-Mellon Universitetinin tədqiqatçıları “ağıllı” saata jestləri başa düşməyə və istifadəçinin əlindəki obyektləri müəyyənləşdirməyə imkan verəcək “ViBand” konseptual sistem hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, müasir mobil qurğularda istifadə olunan akselerometr saniyədə 100 dəfə ölçmə aparır. Bu, yerdəyişmənin müəyyənləşdirilməsi kimi vəzifələrin yerinə yetirilməsi üçün kifayət edir. Lakin Karnegi-Mellon Universitetinin tədqiqatçıları müəyyənləşdiriblər ki, proqram təminatı vasitəsilə akselerometrin rəqəmləşdirmə tezliyi saniyədə 4 min əməliyyatadək artırılsa, bu qurğulara vibrasiyalı mikrofon qismində çıxış etməyə imkan verəcək. Bu isə o deməkdir ki, mobil qurğular istifadəçinin bədənindən vibrasiya şəklində keçən səs və ya bioakustik siqnalları aşkarlaya biləcək.
Bu siqnalların unikal xüsusiyyətlərini təhlil edən “ağıllı” saat istifadəçinin barmaq şıqqıltısı, əlləri üzə sürtmək və s. kimi hərəkətlərini seçmək imkanı əldə edəcək. Hərəkətlərin hamısı, məsələn, menyuya baxmaq, seçimin idarə edilməsi kimi müəyyən vəzifələrin yerinə yetirilməsi və ya digər qoşulmuş texnikaya nəzarət üçün istifadə oluna bilər.
Bundan başqa, “ViBand” sistemi vasitəsilə “ağıllı” saat müxtəlif əşyaların yaratdığı bioakustik siqnallarla onları tanıya biləcək. Lakin əşyaların bu siqnalları istehsal etməsi tələb olunur, çünki texnologiya vibrasiya etməyən əşyaları identifikasiya edə bilməyəcək. Problemin həlli üçün tədqiqatçılar istənilən obyektə bərkidilən və lazımi vibrasiyaları hasil edə bilən kompakt ötürücülər hazırlayıblar.