Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ABŞ-ın Kaliforniya Senatının Ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, ABŞ-la ölkəmiz arasında bütün sahələrdə, o cümlədən, informasiya kommunikasiya texnologiyaları sektorunda möhkəm əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.
Qonaqlara Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyəti, dövlət proqramları və həyata keçirilən genişmiqyaslı layihələr haqda məlumat verən nazir ölkədə qeydə alınan dinamik iqtisadi inkişaf fonunda İKT sektorunda da son illər yüksək nəticələrin əldə olunduğunu qeyd edib.
Azərbaycanın təşəbbüsü ilə region üçün də böyük əhəmiyyət kəsb edən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi barədə danışan Əli Abbasov 2009-cu ildə BMT-nin xüsusi qətnaməsi ilə yüksək qiymətləndirilən layihəyə Qərb ölkələrinin, o cümlədən ABŞ-ın aparıcı İKT şirkətlərinin böyük marağı olduğunu bildirib.
Görüşdə ABŞ-ın “Microsoft”, “Cisco”, “HP”, “İntel” kimi şirkətləri ilə sıx əməkdaşlıq əlaqələrinin mövcudluğu, sözügedən şirkətlərlə region üçün mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyi qeyd olunub.
Öz növbəsində ABŞ-ın Kaliforniya Senatının Ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitian Kaliforniya ştatının qanunverici orqanını təmsil edən nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən məmnunluğunu ifadə edib.
O, Azərbaycanda qeydə alınan inkişaf dinamikasından xəbərdar olduqlarını bildirərək, İKT sahəsində əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinin vacibliyini qeyd edib.
Eyni zamanda, o, ölkəmizdə həyata keçirilən işlərlə daha yaxından tanış olmaq baxımından səfərin əhəmiyyətini yüksək dəyərləndirib.
27/09/11 Çap et