Yeni superakkumulyator elektromobilləri ekoloji təmiz edəcək
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçılar qrupu elektromobil sənayesini köklü şəkildə dəyişə biləcək yeni superakkumulyator yaradıb. Texnologiya karbondan istifadə etməməklə yanaşı, adi akkumulyatora nisbətdə böyük tutuma malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “
UKR-portal” resursuna istinadən yazır ki, məlum olduğu kimi, bütün klassik batareyalarda karbon tərkibli anodlardan istifadə olunur ki, onların da hazırlanması üçün aqressiv kimyəvi preparatlar və yüksək temperatur tələb olunur. Lakin “MIT” alimləri “Argonne National Laboratory” laboratoriyasının tədqiqatçıları ilə əməkdaşlıq edərək başqa yol seçiblər.
Belə ki, onlar metal-üzvi strukturlar (metal organic frameworks – MOF) tətbiq edərək müəyyən ediblər ki, bu elementlər karbon tərkibli materiallarla müqayisədə bir ərazi vahidi üçün daha çox elektrik enerjisi verə bilər. Akkumulyatorun effektivliyinin daha çox anoddan asılı olmasına görə “MOF” karbonu yaxşıca əvəz edə bilir.
Həmçinin metal-üzvi strukturların istehsalı adi karbon anodlarının hazırlandığı şəraiti tələb etmir. Nəticədə elektromobillərin (electric vehicles — EV) ekoloji təmizliyi artır, çünki onlar üçün gələcəkdə batareya istehsalı ətraf mühitə ziyan vurmayacaq.
Bundan başqa, elektromobillərin qət edəcəyi məsafə artacaq, çünki yeni superakkumulyatorların tutumu klassik akkumulyatorların tutumundan xeyli çoxdur. Eyni zamanda enerji toplama dövrəsinin sayı artıb: sınaqlar zamanı 10 min belə dövrədən sonra metal-üzvi struktura malik batareyalar hətta tutumunun 10 faizini sərf etməyib.
“MIT” tədqiqat qrupu, həmçinin bəyan edib ki, texnologiyadan son vaxtlar dünya energetikasında yeniliyə çevrilən böyük elektrik enerjisi anbarlarının tikintisində istifadə etmək olar.
Nizam Nuriyev