Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”un neyroşəbəkələri öz aralarında gizli "ünsiyyət saxlamağı" öyrəniblər


“Google Brain” elmi-tədqiqat layihəsi komandasının səyi nəticəsində süni intellekt öz kriptoqrafiya sistemini düşünməyə nail olub. Nəticədə kompüter "beyni" öz aralarında üçüncü şəxsə əlçatmaz olan gizli mesajlarla mübadilə etməyi öyrəniblər.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Google”un mühəndisləri Martin Abadi və Devid Andersen tərəfindən keçirilmiş sınaqda üç neyroşəbəkə iştirak edib: “Alisa”, “Bob” və “Yeva”. Hər biri müəyyən tapşırıq yerinə yetirirdi: “Alisa” tərəfindən “Bob”a göndərilən məxfi mesajları yalnız sonuncu oxuya bilərdi, Yeva isə həmin mesajın tərkibini ələ keçirməli və deşifrə etməli idi.

Neyroşəbəkələr öz işinə sadə mətnin mübadiləsi ilə başlayıblar: “Alisa” həmin mətni mənasız simvol yığımına konversiya edir, “Bob” isə şifrləmə açarının köməyi ilə deşifrə etməyə çalışırdı. İlk öncə “Yeva” istənilən gizli ünsiyyətin qarşısını alırdı, ancaq 15 min cəhddən sonra “Alisa” öz kriptoqrafiya metodunu hazırlamağı, “Bob” isə onu deşifrə etməyi öyrənib.

Qeyd edək ki, hətta mütəxəssislər “Alisa”nın ixtira etdiyi şifrləmə metodundan xəbərsizdirlər, buna görə bu texnologiyanın tətbiq sahəsi praktik nöqteyi-nəzərindən olduqca məhduddur.

Emil Hüseynov





29/10/16    Çap et