Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Canlı orqanizmləri yeyən robot yaradılıb


Böyük Britaniya mütəxəssisləri canlı orqanizmləri yeyərək özü üçün lazımi enerjini ala bilən robot yaradıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti  “Naked Science” resursuna istinadən yazır ki, “NewScientist” nəşrində Bristol Universiteti və Bristol robot texnikası laboratoriyasını təmsil edən alimlərin işinin nəticələri ilə bağlı məqalədə xarici görünüşünə görə su üzərində hərəkət edən həşəratları xatırladan qeyri-adi robot haqqında danışılır. Lakin qurğunun başlıca xüsusiyyəti onun xarici görünüşündə yox, imkanlarındadır. Məsələ ondadır ki, robot canlı orqanizmləri yeyərək enerji əldə edə bilir.
 
Alimlər robotun konstruksiyasında canlı orqanizmlərlə suyun sovrulmasının baş verdiyi yumşaq polimer membrandan istifadə ediblər. Robot “mədə” rolunda çıxış edən mikrob yanacaq elementləri ilə təchiz edilib. Burada qida bakteriyalara parçalanır və bunun sayəsində robot elektrik enerjisi almağa başlayır. Tullantılar üçün robotun arxa tərəfində yerləşən dəlikdən istifadə olunur.
 
Bildirilir ki, qurğunun tam enerji ilə təmini üçün təkcə canlı orqanizmlərin yeyilməsi kifayət etmir. Çünki bioloji material onu lazım olan enerji ilə qismən təmin edə bilir. Lakin alimlər tədricən mikrob yanacaq elementlərinin faydalı iş əmsalını artıraraq işdə onların sayını çoxaldıblar.  
 
Mütəxəssislərin fikrincə, robotdan praktiki məsələlərin həllində, məsələn, yüksək çirklənmə səviyyəsinə malik su mühitində istifadə etmək mümkün olacaq. Qurğunun əsas üstünlüyü isə insan müdaxiləsi olmadan uzun müddət işləməsindədir.

Nizam Nuriyev 





01/11/16    Çap et