Sosial şəbəkələrdə ünsiyyət ömrü uzadır?
12 milyon internet istifadəçisi üzərində aparılmış müşahidələrə əsasən məlum olub ki, sosial şəbəkələrdən aktiv istifadə edən insanlar orta hesabla daha çox yaşayırlar. Ehtimal ki bu, sosial aktivliyin yüksək olması və xarici aləmlə əlaqələrin kəsilməməsi ilə bağlıdır. Alimlər “PNAS” jurnalında dərc edilmiş məqalədə belə fikir səsləndiriblər.
"Belə görünür ki, internet üzərindən ünsiyyət saxlamaq sağlamlıq üçün faydalıdır. Amma xarici aləmlə əlaqələri kəsərək bütün həyatını internetdə keçirən insanlarda ömür müddətinin azalması qeydə alınıb – San-Dieqoda yerləşən Kaliforniya Universitetinin alimi Uilyam Hobbs deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, Hobbs və bir neçə başqa alim, həmçinin “Facebook” şirkətinin mütəxəssisləri sosial şəbəkədə qeydiyyatdan keçmiş və tibbi sığortaya malik olan Kaliforniya ştatının bir neçə milyon sakininin həyatı üzərində müşahidə aparmaqla belə qənaətə gəliblər.
Alimlərin sözlərinə görə, araşdırma tamamilə anonim aparılıb: təhlil proqramı tibbi məlumatları “Facebook”un daxili statistikası ilə tutuşdurduqdan sonra bütün şəxsi məlumatlar dərhal silinib. Sosial şəbəkə istifadəçilərindən başqa tədqiqata, həmçinin heç vaxt “Facebook” və ya başqa sosial şəbəkələrdə hesab yaratmayan insanlar da daxil edilib. Onlar 25-70 yaş aralığında olublar.
Emil Hüseynov