Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Horus” cihazı gözdən əlillərə ətraf aləmi “görməyə” kömək edəcək
İsveçrənin “Eyra” startapı tərəfindən təqdim edilmiş daşınan “Horus” qurğusu gözdən əlillərə istiqaməti təyin etməyə, sifəti yadda saxlamağa və kitab oxumağa kömək edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, qurğu istifadəçinin maneələrlə toqquşmasının qarşısını almaq üçün ətraf mühiti təsvir edir, ətrafdakı şəxslərin sifətini və əşyaları tanıyır, həmçinin kitab oxumaq qabiliyyətinə malikdir.
Cihaz sümük keçiricilik qabiliyyəti prinsipi üzrə işləyən qulaqlıqlar və korpusdan ibarətdir. Qurğunun aparat hissəsi, həmçinin stereoskopik görüntü üçün cavabdeh iki kamera korpusda yerləşir. Qulaqlıqlar səsi qulağa dərhal ötürmür, vibrasiyaların köməyi ilə səsi qulaq pərdəsinə çatdırmaq üçün insanın sümük strukturundan istifadə edirlər. Bunun sayəsində istifadəçilər ətrafda baş verənləri problemsiz eşidə bilirlər.
Əsas korpusun ölçüləri smartfon ölçüsü boydadır. Cihazın daxilində kameralardan əldə edilən təsvirin işlənməsi üçün güclü “Nvidia Tegra” qrafik prosessoru yerləşdirilib. Qeyd edək ki, təsvirin işlənməsi alqoritmində kompüter təlimindən istifadə edilib ki, bu da sistemin iş prosesində müstəqil təkmilləşməsinə imkan verir. Təsvirin emalından sonra qurğunun alqoritmi tərəfindən formalaşdırılmış təsvir istifadəçiyə diktə edilir ki, bu da ona ətraf aləmi müəyyən dərəcədə "görməyə" imkan verir.
Bundan başqa, sistem sifəti yadda saxlaya və gələcəkdə istifadəçini yaxınlıqda tanış insanın olması barədə xəbərdar edə bilər. Stereokamera funksiyası qurğuya obyektlərə olan məsafəni müəyyənləşdirməyə imkan verir ki, bu da istifadəçilərə məkanda hərəkət etməyə və toqquşmalardan qaçmağa kömək edir.
“Eyra” şirkəti “Horus” cihazını İtaliyada sınaqdan keçirib. 2017-ci ilin yanvarında daha böyük sınaqlara başlamaq planlaşdırılır. Cihazın dəyəri təxminən 200 dollar olacaq.