Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” şirkəti yeni nəsil “Atom” prosessorlarını təqdim edib


Veb-mənbələrin məlumatlarına əsasən, “İntel” korporasiyası yeni nəsil “Cedar Trail” aparat platforması üçün ilk prosessorları – “Atom D2500” və “D2700” çiplərini təqdim edib.

Təqdim edilmiş məmulatlar 32 nanometr texnologiya əsasında hazırlanıb. Onların əsas tətbiq sahəsi nettop və kiçik formfaktorlu kompyuterlərdir.

Prosessorlar 2 nüvəyə, “DDR3” yaddaş kontrollerinə, həmçinin “DirectX 10.1” proqram interfeys dəstəyi ilə qrafik kontrollerə malikdir. İkinci səviyyə keşin həcmi 1 MB-a bərabərdir; “Hyper-Threading” çoxaxınlılıq texnologiyası dəstəklənir.

Yayılan istilik enerjisinin (TDP) maksimal həddi 10 Vatdır. “Atom D2500” və “D2700” çiplərinin takt tezliyi müvafiq olaraq 1,86 və 2,13 QHz təşkil edir.

“Cedar Trail” platformasının xüsusiyyətləri arasında “Wireless Display”, “PC Synch” və “Fast Boot” texnologiyalarının, həmçinin 1080p formatında yüksək dəqiqlikli videonun dəstəklənməsi bildirilir.




27/09/11    Çap et