Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şirkətlərin əksər əməkdaşları kibertəhlükəsizlik siyasətini pozur


Dünya şirkətləri özlərinin və müştərilərinin məlumatlarının mühafizəsinə investisiyaları artırdığı bir dövrdə informasiya təhlükəsizliyi üçün başlıca təhdid hakerlər deyil, əməkdaşlar olaraq qalır. “Bulud” texnologiyalarının inkişafı sayəsində məlumatlar tədricən korporativ şəbəkələrdən əməkdaşların əlinə keçir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “CEB” şirkəti ekspertlərinin məlumatına görə, əməkdaşların təxminən 2/3 hissəsi rahatçılığa görə iş üçün şəxsi servis və texnologiyalardan istifadə edir. Məsələn, çoxları korporativ sənədləri ofisdən kənarda işləmək məqsədilə şəxsi elektron poçtuna göndərir.
 
Rahatlığı və səmərəliliyi təhlükəsizlikdən üstün tutan şirkət əməkdaşları böyük əhəmiyyətə malik məlumatların məxfiliyini təhlükə altında qoyurlar. Sözsüz, belə praktika çox böyük maddi ziyan vurur. Məsələn, “Fortune 1000” jurnalının reytinqində yer alan şirkət orta hesabla ildə 400 min dollar sərf edərək müştəri və əməkdaşları məlumat sızması barədə xəbərdar edir.
 
Təhlükəsizlik siyasətinin pozulması hallarının 45 faizi əməkdaşlar tərəfindən pis niyyətlə edilmir. “CEB” eksperti Brayan Linin sözlərinə görə, əməkdaşlar həmişə işi asanlaşdımağa və xüsusilə onlara lazımsız görünən qaydaları pozmağa çalışacaqlar. İş prosesinin belə “səmərələşdirilməsi” təkcə məlumatların təhlükəsizliyini deyil, həmçinin biznesin aparılma strategiyasını təhdid altına alır ki, nəticədə onun artımının azalmasına səbəb ola bilər.
 
Əməkdaşların informasiyaya səhlənkar yanaşmaları ilə bağlı riskləri azaltmaq məqsədilə şirkətlər iki əsas qaydaya əməl etməlidir. Birincisi, zərurət olmadan çoxlu məlumat saxlamağa ehtiyac yoxdur. İkincisi, bilavasitə iş proseslərinə təhlükəsizlik mexanizmləri tətbiq edilməlidir. Əməkdaşların şəxsi servislərdən istifadə etməyə üstünlük vermələrinin səbəblərindən biri onlarda yorucu təlimatlara əməl etmək istəyinin olmamasındadır.
 
Nizam Nuriyev 





03/11/16    Çap et