Yüksək Texnologiyalar Parkının və Bakı Fond Birjası dəstəyi ilə “Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusunda seminar
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan "Yüksək Texnologiyalar Parkı"nın ("YT Park") dəstəyi ilə cari ilin 7 noyabr tarixində "Startap şirkətlərin dəyərləndirilməsi" adlı təlim keçiriləcək. Bakı Fond Birjası ilə birgə "YT Park"da təşkil ediləcək təlim "Borsa İstanbul"un Marketinq və Satış Departamentinin müdiri Adnan Serhat Görgün tərəfindən aparılacaq.
Təlim "Şirkət dəyərləndirilməsi üçün alətlər və yollar", "Startap dəyərləndirilməsi üçün xüsusi metodlar ", "Startap maliyyələşməsi üçün alətlər", "Startap şirkətin dəyərləndirilməsi ilə bağlı nümunələr", "Dəyərləndirmədən sonrakı prosedur: startapların IPO-ya hazırlığı" kimi mövzuları əhatə edəcək.
Təlimdə iştirak etmək üçün 5 noyabr tarixinədək
link üzərindən qeydiyyatdan keçmək vacibdir. Təlim ingilis dilində keçiriləcək.
Təlim 7 Noyabr saat 10:00-da başlayır (Ünvan: Nizami küç. 203B., AF Business House, 3-cü mərtəbə, Bakı, Azərbaycan) və 14:00-da bitir.
Qeyd edək ki, təlimçi Serhat Görgün "Borsa İstanbul"da 2013-cü ilin dekabr ayından marketinq və satış fəaliyyətlərinə rəhbərlik edir.
Bundan əlavə, S.Görgün İstanbul Fond Birjasını Sarayevo Fond Birjasında, Monteneqro Fond Birjasında və İstanbul Gemmologiya İnstitutunda İdarə Heyətinin üzvü qismində təmsil edir.
Görgün "Galata Business Angels" Qrupunun (həmçinin Türkiyədə birinci mələk investisiya qrupu) təsisçisi və Türkiyə Sahibkarlığa İnvestisiya Məclisinin Palata Birliyinin (The Union of Chambers and Commerce of Turkey’s Enterprise Capital Council) üzvüdür.
O, 2006-cı ildən bu günə kimi 30-dan artıq startap layihələrində investor və ya təsisçi-partnyor rolunu oynayıb.