Planet əhalisinin 25%-i “Facebook” sosial şəbəkəsindən istifadə edir
Ayda ən azı bir dəfə öz hesabına daxil olan “Facebook” istifadəçilərinin sayı 1.79 milyard nəfəri ötüb. Bu göstərici planet əhalisinin təxminən 25%-ni təşkil edir. Məlumat üçün bildirək ki, 2016-cı ilin əvvəlində Yer kürəsi əhalisinin sayı 7.3 milyarda yaxınlaşıb.
Bu halda 1.66 milyard aylıq abunəçi öz mobil qurğularından “Facebook” sosial şəbəkəsinə daxil olurlar.
“ICTnews” Elektron Xəbər Xidməti “
cnews.ru” saytına istinadən yazır ki, 1.18 milyard nəfər sözügedən sosial şəbəkədən gündəlik istifadə edir. Ötən ilin müvafiq nəticələri ilə müqayisədə gündəlik istifadəçilərin sayı 17%, aylıq istifadəçilərin sayı isə 16% yüksəlib. Abunəçilərin sayı daha çox Asiyada artır, belə ki, son ildə adıçəkilən regionda “Facebook” sosial şəbəkəsində 107 milyon nəfər qeydiyyatdan keçib.
2016-cı ilin üçüncü rübündə şirkətin mədaxili 7.01, xalis mənfəəti isə 2.4 milyard dollar təşkil edib. 2015-ci ilin üçüncü rübündə şirkətin xalis mənfəəti 896 milyon olub. Beləliklə, illik artım 170%-ə bərabər olub.
“Facebook”un 6,8 milyard dollar məbləğində rüblük gəliri reklamdan əldə edilib ki, bu da ötənilki göstəricidən 59% yüksəkdir. Reklamdan əldə olunan məbləğin 84%-i mobil qurğular tərəfindən təmin olunur. Şirkətin direktoru Mark Zukerberqin sözlərinə görə, reklam videosunun yerləşdirilməsi şirkət üçün çox effektiv olub.
İndi “Facebook”un kapitallaşma dəyəri 371 milyard dollar təşkil edir ki, bu da 2016-cı ilin əvvəli ilə müqayisədə 22% daha çoxdur.
“Facebook” öz auditoriyasını, həmçinin başqa brendləri satın almaq hesabına genişləndirir. 2014-cü ildə şirkət “WhatsApp” messencerini 19 milyard dollara satın alıb. Bu yaxınlarda “Facebook” və “WhatsApp” mobil messencer və sosial şəbəkə arasında məlumat mübadiləsi haqda yeni razılaşma imzalayıblar ki, bu da Avropa Birliyi hakimiyyəti tərəfindən narazılıq doğurub. Hakimiyyət ötən ayın sonunda “WhatsApp”dan abunəçilərin telefon nömrəsinin “Facebook”a ötürülməsini dayandırmağı tələb edib, çünki istifadəçilər öncədən buna razı olmayıblar.
Emil Hüseynov