Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sumqayıt Texnologiyalar Parkında müəssisələrin sayı artacaq
Sumqayıt Texnologiyalar Parkı (STP) 2012-ci ilin sonunadək öz müəssisələrinin sayını 14-ə çatdırmağı planlaşdırır. Bu barədə açıqlamanı Azərbaycanın Sumqayıtda yerləşən texnoparkın tikintisini həyata keçirən AZENCO tikinti-montaj şirkətinin idarə heyəti sədrinin müavini Zaur Məmmədov deyib.
"Hazırda Parkda 10 müəssisə işləyir. Biz daha 8 müəssisə yaratmaq istəyirik. Bunlardan 4-ü gələn ilin sonunadək hazır olacaq". Z. Məmmədovun sözlərinə görə, STP-də kabel zavodu, plastik boru zavodu, yüksəkgərginlikli avadanlıqlar, Günəş kollektorları, maşınqayırma zavodu, qaynar sinkləmə zavodu, ventilyasiya boruları istehsalı və dəqiq mexanika zavodları işləyir.
"Bu yaxınlarda texniki qaz istehsal edən zavod işə salınıb. Həmçinin, Azərbaycanda ilk dəfə olaraq dartıcı-yedəkçilərin yığımına başlanıb. Hazırda ölkədə ən iri örtülü sənaye kompleksi olan ağır metal konstruksiyalar zavodunun tikintisi gedir", - o deyib.
Məmmədovun sözlərinə görə, parkda regionun ən iri transformator zavodu, sendviç-panel istehsal edən zavod, həmçinin energetika sektoru üçün hidroturbinlər, böyük buxar turbinləri məhsullarının buraxılacağı ən iri tökmə zavodunun açılışı planlaşdırılır.
Lakin Məmmədov STP-yə qoyulan investisiyaların həcmini elan etməkdə çətinlik çəkib. Lakin o, bunun Azərbaycanın qeyri-neft sektorunda ən iri layihə olduğunu söyləyib.
"Ümimilikdə texnoparkda istehsal olunan məhsulun həcmini demək çətindir, ancaq kabel zavodu ildə 30 min tonadək, plastik boru zavodu isə 150 min tona qədər məhsul istehsal edir", - o deyib.
Müəssisədə müasir texnologiyalar əsasında respublika üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik elektroenergetika və maşınqayırma sənayesi məhsullarının istehsalı nəzərdə tutulub.
18 zavoddan ibarət olan bu Texnologiyalar Parkında respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən müxtəlif tip kabellər, transformatorlar, yüksəkgərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. .
27/09/11 Çap et