Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan optik-lif kabel istehsalına başlayacaq
Sumqayıt Texnologiyalar Parkı (STP) telekommunikasiya sahəsi üçün kabel istehsalına başlamağı planlaşdırır.
Bunu jurnalistlərə Parkın tikintisini həyata keçirən AZENCO tikinti-montaj şirkətinin idarə heyəti sədrinin müavini Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, gələcəkdə STP optik-lif kabellərin istehsalına da başlayacaq. Məmmədov bildirib ki, telekommunikasiya kabellərinin istehsalı 2012-ci ilin sonuna planlaşdırılıb.
"Biz artıq Azercell Telekom və Delta Telecom kimi Azərbaycan telekommunikasiyasında böyük oyunçulardan sifarişlər almışıq ki, bu da artıq həmin məhsulun bütün respublika miqyasında iri tədarükü deməkdir", - o deyib.
Hazırda STP optik-lif kabellər üçün qoruyucu borular istehsal edir və məhsul artıq Azərbaycan telekommunikasiya şirkətləri tərəfindən alınır.
"Optik-lifin hazırlanma texnologiyasının çətinliyinə görə onun istehsalına başlamaq müəyyən vaxt tələb edir", - Məmmədov deyib.
Optik-lif kabellər telekommunikasiya infrastrukturlarının daha bahalı və məsuliyyətli elementlərindən hesab olunur.
Buna görə də onların keyfiyyəti və etibarlılığına qarşı daha sərt tələblər qoyulur. Bu tələblər təşkilati və texniki tədbirlərlə təmin olunmalıdır ki, bu da STP-nin perspektivdəki planlarına daxildir.
28/09/11 Çap et