Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dronlar bir-birinə xəbər verərək insanları birgə axtaracaqlar


Çinin “DJI” şirkəti axtarış-xilasetmə əməliyyatları zamanı dronların mərkəzləşdirilmiş idarəetməsi üçün mobil tətbiq yaradıb.
 
Hazırda axtarış-xilasetmə dəstələri ərazinin öyrənilməsi üçün pilotsuz uçan aparatlardan istifadə edir. Ancaq dronların belə tətbiqi taktikası üzərində işlənilməyib. Bundan başqa, dronlardan ibarət bir neçə dəstə işə cəlb edilibsə, onlar arasında informasiya mübadiləsi məhdud ola bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, “DroneSAR” adlı yeni tətbiq dronlar arasında məlumat mübadiləsini optimallaşdırmağa və sürətləndirməyə imkan verir. Məsələn, aparatların olduğu yer haqda məlumat bütün idarəetmə pultlarına ötürülür. Həmçinin hər bir dronun kameralarından əldə edilmiş təsvirlər vahid mərkəzə göndərilir ki, bu da dəstələr arasında axtarış zonalarını bölməyə imkan verir.
 
İtkin düşmüş insanı aşkar etdikdən sonra proqram xəritədə müvafiq nöqtəni nişanlamağa imkan verir və ərazinin koordinatları bütün əməliyyat iştirakçılarına göndərilir.
 
Sistem İrlandiyanın Doneqola dağlarında sınaqdan keçirilib. Məlumata görə, burada 5 nəfərlik qrup dronlardan istifadə etmədən 1 kv km ərazinin axtarışını 2 saat ərzində başa çatdıra bilər. “DroneSAR” mobil tətbiqi sayəsində bu əməliyyatı 20 dəqiqə ərzində etmək mümkündür.
 
Emil Hüseynov





08/11/16    Çap et