Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Uşaqlar üçün onlayn təlim keçirilib
Uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində müxtəlif tədbirlər təşkil edilir. Keçirilən tədbirlər uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.
Bu istiqamətdə fəaliyyətin davamı olaraq, bölgələrdə yaşayan uşaqların öz hüquqları ilə bağlı məlumatlılığının, fəallığının artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə Nazirliyin tabeliyində fəaliyyət göstərən “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”nin regionlarda olan mərkəzləri vasitəsilə onlayn təlimlər keçirilib.
Bu gün ilki təşkil olunan təlimdə “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”nin Qəbələdə yerləşən Mərkəzi vasitəsi ilə rayonun məktəblərini təmsil edən uşaqlar iştirak edib.
Təlim zamanı uşaqlarla aktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və uşaq hüquqları ilə bağlı məlumatlar verilib.
Qeyd edək ki, yaxın zamanlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Elektron Hökumət Təlim-Tədris Mərkəzi”nin regionlarda olan mərkəzləri vasitəsilə uşaqlar üçün bir sıra onlayn təlimlərin keçirilməsi nəzərdə tutulub.
11/11/16 Çap et