Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yapon alimləri daşınan terahers skaner icad ediblər


Yaponiyalı alimlər tərəfindən yaradılmış yığcam elastik datçik terahers radiasiyaya qarşı həssasdır.
Terahers radiasiya submillimetrik dalğaya (0.1– 1 mm) malik elektromaqnit şüalanmanın növüdür və yüksək nüfuzetmə qabiliyyəti və təhlükəsizliyi sayəsində əksər obyektləri, həmçinin canlı orqanizmləri “işıqlandırmağa” imkan verir. Məsələn, bəzi aeroportlarda sərnişinlərin yoxlanılması üçün terahers skan etmə tətbiq edilir. Ancaq mövcud qurğuların ölçüsü böyükdür və lazımi həssaslığa nail olmaq üçün detektor absolyut sıfıra yaxın temperaturadək soyudulmalıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, Tokio Universitetinin alimləri texnologiyanı təkmilləşdirmək üçün karbon nanoborular əsasında terahers datçik düzəldiblər.
Datçik otaq temperaturunda müxtəlif əşyalar üzərində yoxlanılıb. "Aktiv" nümunə içərisində saqqız olan plastik qutuya yerləşdirilib. Bundan sonra lazer qutuya tərəf yönəldilib. Bütün hallarda əldə edilmiş təsvir gizli obyektin yerini və formasını müəyyənləşdirməyə imkan verib. Alimlər qeyd ediblər ki, şüanın tezliyi elektrodların istilikkeçirmə xassəsindən çox asılıdır.

Müəlliflərin sözlərinə görə, yeni datçikin köməyi ilə dərman, ərzaq malları və tibbi alətlərin qeyri-invaziv yoxlamasını həyata keçirmək olar. Bundan başqa, o, rentgen və tibbi vizuallaşdırmanın başqa metodlarını əvəz edə bilər.

Emil Hüseynov





16/11/16    Çap et