Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Milli Nüvə Tədqiqatları Mərkəzi” Özbəkistanda keçirilən beynəlxalq simpoziumda təmsil olunub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” (MNTM) Qapalı Səhmdar Cəmiyyəti Özbəkistan Milli Universitetində keçirilən “Fundamental və tətbiqi fizikanın yeni inkişaf istiqamətləri: problemlər, nailiyyətlər və perspektivlər” adlı beynəlxalq simpoziumda təmsil olunub.
 
9-14 noyabr 2016-cı il tarixlərində baş tutan simpoziumda MNTM-in sədri, akademik Adil Qəribov “Bərk cisimlərdə radiasion defektlər və onların effektiv istifadə yolları” mövzusunda plenar çıxışla iştirak edib. Akademikin çıxışında qaldırdığı fundamental və atom-hidrogen energetikası, su ilə soyudulan nüvə reaktorlarının təhlükəsizliyi, materialşünaslıq sahəsində praktiki aspektlər üzrə məsələlər və alınan nəticələr böyük maraq kəsb edib.
 
Özbəkistan Milli Universitetinin rektoru və simpoziumun Təşkilat Komitəsinin sədri professor A.R.Marahimov elmi əməkdaşlıq üzrə müqavilə bağlamaq təklifi ilə çıxış edib və artıq müqavilənin ilkin variantı hazırlanıb. Simpoziumun gedişində 13-dən çox plenar və 30-a yaxın seksion məruzə dinlənilib. Yaponiya, Koreya, Kanada, Rusiya, Ukrayna, Hindistan, Çin alimləri ilə birgə maraq kəsb edən elmi sahələrdə müzakirələr aparılıb, əlaqələrin qurulması və davam etdirilməsi qərarına gəlinib.
 
Qeyd edək ki, simpozium elmi nəticələrin aprobasiyası, dünya elminə inteqrasiya, yeni istiqamətlər və nəticələrlə tanışlıq, elmi əməkdaşlığın genişləndirilməsi və gələcək elmi-texniki fəaliyyətimizin təşkilində böyük əhəmiyyət kəsb edir. 





23/11/16    Çap et