Mühafizəli smartfon prototipi təqdim edilib
“Tor” anonim şəbəkəsinin mütəxəssisləri “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Mission Improbable” adlı smartfon prototipi təqdim ediblər. Qurğunun əsasını “Copperhead OS” sistemli əvvəlcədən quraşdırılan proqram təminatına malik “Nexus 6P” və “Nexus 5X” smartfonları və şəbəkə trafikini “Tor” vasitəsilə göndərən “OrWall” əlavəsi təşkil edir. Smartfonun proqram təminatı sadə istifadəçilər üçün deyil, internetdə anonimliyini saxlamaq istəyənlər üçün nəzərdə tutulub. Bundan başqa, proqram təminatının quraşdırılması üçün “Linux” sistemini bilmək tələb olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “
4PDA” resursuna istinadən yazır ki, “Mission Improbable” smartfonunun yaradıcısı Mayk Perri bildirib ki, onların proqram təminatı ilə yalnız “Nexus” və “Pixel” istehsal xəttindən olan smartfonlar işləyir, çünki onlar şəxsi açarları quraşdıraraq smartfonu və təhlükəsiz fayl sistemini modifikasiya etmək imkanını saxlayan yeganə “Android” sistemli qurğulardır. Onun sözlərinə görə, prototip yalnız istifadəçiyə seçim sərbəstliyi və boşluqlardan yüksək qorunmanı təqdim edən mühafizəli smartfonun yaradılması imkanını nümayiş etdirir.
“Mission Improbable” smartfonu ilə “Tor” layihəsinin rəsmi saytında tanış olmaq mümkündür.
Məlumat üçün qeyd edək ki, “Tor” (The Onion Router) kompüter şəbəkəsi vasitəsilə ikinci nəsil anonim məlumat mübadiləsi texnologiyasının həyata keçirilməsi üçün azad proqram təminatıdır. Sistem dinləmədən mühafizə edilən anonim şəbəkə bağlantısı qurmağa imkan verir, həmçinin məlumatların şifrlənmiş şəkildə ötürülməsini təqdim edən anonim şəbəkə hesab olunur.
Nizam Nuriyev