Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada “Wi-Fi” üçün ictimai giriş nöqtələrinin 25%-dən çoxu təhlükəlidir


"Kasperski laboratoriyası" dünyanın müxtəlif ölkələrində “Wi-Fi” üçün ictimai giriş nöqtələrinin etibarlılığını müəyyənləşdirmək məqsədi ilə araşdırma aparıb. Mütəxəssislər araşdırma zamanı 32 milyon giriş nöqtəsi haqda məlumat təhlil ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, informasiyanın şifrlənməmiş formada ötürülməsinə imkan verən və ya giriş nöqtəsi səviyyəsində zəif şifrləməni reallaşdıran xidmətlər istifadəçilərin təhlükəsizliyinə böyük təhlükə yaradırlar. Bəzi hallarda məxfi informasiyanı ələ keçirmək üçün cinayətkarın “Wi-Fi” giriş nöqtəsinin əhatə zonasında olmaq kifayətdir.

Məlum olub ki, dünyada ictimai giriş nöqtələrinin 25.7%-i heç bir şifrlənmə ilə qorunmur, 3%-i isə  köhnə və etibarsız “WEP” alqoritmindən istifadə edir. Koreya (47.9%) qorunmamış “Wi-Fi” giriş nöqtələrinin sayına görə liderdir. Almaniya giriş nöqtələrinin təhlükəsizliyi baxımından (giriş nöqtələrinin 84.91%-i “WPA/WPA2” ilə qorunub) ən təhlükəsiz ölkədir.

Laboratoriyanın məlumatlarına əsasən, tədqiq edilmiş giriş nöqtələrinin 75%-i etibarlı hesab edilən “WPA/WPA2” şifrləmə alqoritmindən istifadə edir. Bununla belə mütəxəssislər qeyd edirlər ki, şifrlənmiş qoşulmadan istifadə tam müdafiəni təmin etmir. Cinayətkarlar şifrlənmiş şəbəkəyə müdaxilə üçün müxtəlif ssenarilər tətbiq edə bilərlər.

Emil Hüseynov





25/11/16    Çap et