Virtual reallıq meditasiya etməyə kömək edəcək
Virtual reallıq yalnız oyun sənayesində deyil, həmçinin başqa sahələrdə tətbiq edilir. ABŞ-ın “Provata Health” şirkəti “iOS” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün meditasiya yönümlü proqram çıxararaq tibb sahəsində virtual reallıq texnologiyasının imkanlarını sınaqdan keçirməyə qərar verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.vesti.ru” saytına istinadən yazır ki, virtual reallıq cihazını başına geyinən istifadəçi "iPhone" qurğusunda proqramı işə salaraq 360 dərəcəli "sakitləşdirici vizual mühit”ə yüklənir. "Sözügedən proqramın köməyi ilə siz dünyanın heyranedici yerlərinə səyahət edirsiniz" – tərtibatçılar yazırlar.
“Provata Health” şirkətinin baş direktoru Aleks Qoldberqin sözlərinə görə, onun şirkətinin bütün sağlamlaşdırma proqramları klinik sınaqlardan keçib, ancaq yeni virtual reallıq proqramı eksperimentaldır. Onun effektivliyi elmi cəhətdən yoxlanılmayıb.
Hesab edilir ki, proqram beynin fəaliyyətinə sakitləşdirici təsir göstərir və zehni yüklənməni azaldır. “Provata VR” cihazı gündəlik istirahət sessiyalarının yuxuya necə təsir etdiyini öyrənməyə imkan verir.
Emil Hüseynov