Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin smartfonlarında ciddi boşluq aşkar ediblər


“Apple” şirkətinin istehsalı olan smartfonlarda qurğunun sahibinin yerini öyrənməyə imkan verən boşluq aşkar edilib. Bu haqda “China Daily” nəşri məlumat yayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, Çin sakini öz qızının uşaq bağçasındakı “canlı şəklini” (“Live Photos”; funksiya şəkillərdən 3 saniyəlik videoçarxlar düzəldir) sosial şəbəkədə yerləşdirdikdən sonra onunla yad insan əlaqə saxlayaraq müəssisənin dəqiq ünvanını ona deyib.
 
Qadının sözlərinə görə, o, sosial şəbəkədə coğrafi məkanın müəyyənləşdirilməsi funksiyasını aktivləşdirməyib, buna görə də yad insanın həmin şəkil üzrə yeri müəyyənləşdirməsi onu narahat edib.
 
"Xoşbəxtlikdən mənə yazan insanın məqsədi, sadəcə, bu barədə xəbərdarlıq etmək olub" – qadın bildirib.
 
Məlum olub ki, “iPhone 6s” və “7” smartfonlarının köməyi ilə hazırlanan "canlı şəkillər" istifadəçinin dəqiq yeri haqda məlumatları saxlayır.
 
Hələ ki “Apple” şirkəti bu hadisə ilə bağlı şərh verməyib. Eyni zamanda sosial şəbəkə istifadəçiləri artıq bu problemin aradan qaldırılması tələbi ilə bağlı imza toplamağa başlayıblar.
 
Emil Hüseynov





26/11/16    Çap et