Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələcəyin kompüterlərində köhnə texnologiyadan istifadə edilə bilər


Kaliforniya Universitetinin alimləri yeni nəsil elektron vakuum lampalarının köməyi ilə səmərəli kompüter prosessorları yaratmaq niyyətindədirlər. Onların tədqiqat işi sürətinə görə yarımkeçiricilərin işini geridə qoyan mikroelektron elementlərin yaranmasına səbəb ola bilər.

Bildiyimiz kimi, nəhəng elektron lampalar müasir tranzistorların sələfi olub. Elektron lampaların işinə əsaslanan ilk kompüterlər bütöv otağı, bəzən isə binanın ərazisini tuturdu.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, tranzistorların kəşfi radioelektronika sahəsində əsl inqilab sayılır. Amma tranzistorların hazırlanmasında istifadə edilən materiallar bir sıra çatışmazlıqlara malikdir: tranzistorların ölçüsünü sonsuza qədər azaltmaq qeyri-mümkündür. Buna görə onların sonrakı inkişaf variantlarından biri yeni nəsil elektron vakuum lampalarının yaradılması ola bilər.

Fizika qanunlarına əsasən, yarımkeçiricidən keçən cərəyan öz səmərəliliyini qismən itirir. Vakuum elementlərdə belə problem yoxdur, çünki cərəyan hava vasitəsilə keçir.

Elektron lampanın vacib komponentlərindən biri havada hərəkət edən sərbəst elektronlardır və onları nano səviyyədə yaratmaq çətindir. Bir qayda olaraq, bundan ötrü yüksək gərginlik və ya güclü lazerdən istifadə edilir. Alimlər xüsusi qızıl nanostrukturun köməyi ilə bu maneəni aradan qaldırmağa müvəffəq olublar.

Nəticədə yarımkeçirici analoqları ilə müqayisədə tranzistorların səmərəliliyi 10 dəfə yüksəldilib.

Vakuum lampalarının ölçüsünün azaldılması növbəti addım olacaq.

Emil Hüseynov





28/11/16    Çap et