Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RYTN-in təşkilatçılığı ilə “Youth Inc. Business Academy” Proqramının bağlanış və mükafatlandırma mərasimi keçirilib


Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə "Bakı Ekspo Mərkəzi"ndə "Youth Inc. Business Academy" Akselarasiya Proqramının bağlanış və mükafatlandırma mərasimi keçirilib.
 
 
22-ci "Bakutel" sərgi-konfransı çərçivəsində keçirilən tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev proqram çərçivəsində görülən işlər, gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üçün dəstək verilən layihələrdən söz açıb.
 
Qeyd edilib ki, "Youth Inc." Proqramı Gənclər və İdman Nazirliyi, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi və "Coca-Cola" şirkəti və ilə birgə təşkil olunub. Proqram Azərbaycanda "Gənc Sahibkarlıq" anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının artırılması və gənclərin öz biznesinin yaradılmasına dəstək məqsədi daşıyır.
 
 
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə startap hərəkatı təşəbbüsünün ilk dəfə olaraq RYTN  tərəfindən irəli sürüldüyünü, gənc innovatorlara dəstək məqsədilə başladılan hərəkatın artıq xeyli genişləndiyini diqqətə çatdırıb. Nazirlik tərəfindən bu sahədə həyata keçirilən  tədbirlərin davamlı xarakter aldığını vurğulayan nazir müavini Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun startapların inkişafına yönələn fəaliyyətləri haqda məlumat verib.
 
 
Daha sonra tədbirin digər təşkilatçıları "Coca Cola", "Nobel Oil" şirkətlərinin nümayəndələri, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev çıxış edərək, "Youth Inc. Business Academy" Akselarasiya Proqramı ilə bağlı fikirlərini bölüşüblər.
 
 
Çıxışların ardınca proqram iştirakçılarının mükafatlandıma mərasimi keçirilib.
 
Tədbirin sonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı və "Youth Inc." Gənclərin Sahibkarlıq Proqramı arasında Anlaşma memorandumu imzalanıb. Sənədi Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev imzalayıblar. 










01/12/16    Çap et