Cihazlı kostyum insanlara insultdan sonra bərpa olunmağa kömək edəcək
Niderlandda insult keçirən insanlara kömək edəcək çoxlu cihazların quraşdırıldığı xüsusi kostyum hazırlanıb.
"ICTnews" Elektron Xəbər Xidməti "
Naked Science" resursuna istinadən yazır ki, insult keçirən xəstələr xəstəxana və klinikalarda reabilitasiya proqramlarını başa vurduqdan sonra həkimlər onların sağlamlıq vəziyyətini və ev şəraitində necə bərpa olunmalarını izləməkdə davam edirlər. Məhz buna görə Niderlandın Tvente Universitetinin mütəxəssisi Bart Klassen həkim və xəstə arasında qarşılıqlı əlaqə üçün yeni sistem hazırlayıb. Texnologiyanın əsasını xəstənin geyimin altından geyəcək və internet vasitəsilə onun səhhəti barədə məlumatlar ötürəcək xüsusi kostyuma quraşdırılan cihazlar təşkil edir.
Məlumata görə, kostyumun hazırkı versiyasında ümumilikdə əzələ gücünü, kürəyin və əl-ayaqların dartılmasını, ayaqların yüklənməsini və s. ölçən 41 cihaz quraşdırılıb.
Kostyuma quraşdırılan ötürücü daxilolma zamanı cihazlardan bütün göstəriciləri alaraq onları sonradan emal edilmək üçün universitetə göndərir. Xüsusi proqram təminatı alınan məlumatları təhlil edərək həkimlərə konkret göstərici və xarakteristikalar təqdim edir. Bunun sayəsində həkimlər xəstələr üçün daha keyfiyyətli reabilitasiya proqramı hazırlaya biləcəklər.
Sistemin işi 3 ay ərzində yüksək texnologiyalı kostyumu gündəlik geyinən sınaq iştirakçı qrupu üzərində yoxlanılıb. Mütəxəssislərin sözlərinə görə, sistem yüksək göstəricilər nümayiş etdirib, xəstələr isə kostyumun yarada biləciyi mümkün narahatlıqdan şikayət etməyiblər.
Nizam Nuriyev