Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da “3D” printerdə damar çap edilib


Son zamanlar "3D" çap texnologiyası müxtəlif detal və mexanizmlərin yaradılması çərçivəsindən çox kənara çıxıb. Vaxt ötdükcə alimlərin əksəriyyəti "3D" printerlərdən tibbi məqsədlə istifadəyə başlayıb. Sümük, dərinin  çap edilməsi üzərində işlər aparılır, hətta bütöv orqanların yaradılması sahəsində eksperimental həllər mövcuddur. Lakin bu deyilənlər hələ ki laboratoriya şəraitində əlçatandır. Amma ABŞ-dan olan alimlər qrupu "3D" çap texnologiyasının köməyi ilə qan damarları yaratmağa müvəffəq olublar.

"ICTnews" Elektron Xəbər Xidməti "http://hi-news.ru" saytına istinadən yazır ki, çap edilmiş qan damarları sonradan dəyişə və inkişaf edə bilər, çünki onların əsasını hüceyrə strukturu təşkil edir. Bundan başqa, "3D" printerdə anatomik xüsusiyyətlərdən asılı olaraq istənilən strukturu çap etmək mümkündür və onları, hətta körpələrə köçürmək mümkündür.

Minnesota Universitetinin alimləri yeni texnologiyanı kəşf ediblər. "3D" çap texnologiyasının köməyi ilə yaradılmış qan damarı kiçik quzuya implantasiya edilib və 50 həftədən sonra ultrasəs müayinəsi keçirilib. Qan damarlarının orta hesabla 56% inkişaf etdiyi məlum olub. Bu tədqiqat anadangəlmə damar xəstəliklərindən əziyyət çəkən insanlara kömək edə bilər, çünki indi vaxt ötdükcə inkişaf etməyən süni damarları əvəz etmək üçün bir neçə təkrar əməliyyat keçirmək lazımdır. İndi alimlər insanların iştirakı ilə kliniki sınaqlar keçirməyi planlaşdırırlar.

Emil Hüseynov





05/12/16    Çap et