Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı Gəncədə qeyd olunub
Bu gün Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Artıq 10 ildir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla hər il 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı kimi respublika ictimaiyyəti tərəfindən geniş qeyd olunur. Builki peşə bayramı Azərbaycanda Telefon rabitəsinin yaranmasının 135 illiyi ilə əlamətdardır.
1881-ci il 6 dekabr tarixində "Nobel qardaşları cəmiyyəti" tərəfindən istismara verilən telefon xətti Azərbaycanda rəsmi olaraq ilk telefon xətti sayılır.
Azərbaycanda Telefon rabitəsinin 135 illik yubileyi münasibətlə Gəncə şəhərində Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi və kollektivi, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, veteran rabitəçilər, şəhər ictimaiyyətinin nümayəndələri və rəsmi qonaqlar iştirak edib.
İlk öncə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb.
Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində "Azərbaycanda Telefon Rabitəsi 135 il" kitabı və ölkəmizdə rabitənin inkişaf tarixini əks etdirən foto qalereya ilə tanışlıq olub.
Sonra yubiley münasibəti ilə təşkil olunan tədbirə start verilib.
Öncə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə fəxri adların verilməsi haqqında sərəncamı oxunub.
Bir qrup rabitəçiyə fəxri adların təqdim olunmasından sonra Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib.
Nazir bildirib ki, Azərbaycan rabitəsi şərəfli inkişaf yolu keçib. Dünyada ilk telefon aparatı icad ediləndən cəmi 5 il sonra ölkəmizdə telefon xətləri çəkilib. Azərbaycanda telekommunikasiya sahəsinin inkişafının prioritet istiqamətlərdən biri olduğunu qeyd edən nazir, Prezident İlham Əliyevin bu sahəni daim diqqət mərkəzində saxladığını vurğulayıb.
Çıxışdan sonra Azərbaycan Rabitəsinin 135 illik inkişaf tarixinə həsr olunan "Yerdən Səmaya" filmi tədbir iştirakçılarına nümayiş olunub.
Rabitəçiləri Gəncə sakinləri adından təbrik edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Veteran rabitəçi Kamandar Allahverdiyev, "Microsoft"un Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov, gənc startapçı Fidan Rüstəmova rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən işlərin, əldə olunan uğurların və yaradılan münbit şəraitin yalnız bu sektorun deyil, ümumən ölkənin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıblar.
Nazir Ramin Quluzadə Azərbaycanda Telefon rabitəsinin yaradılmasının 135 illik yubileyinə həsr olunmuş markanın möhürlənməsi mərasimində iştirak edib.
Sonda xatirə fotosu çəkdirilib və tədbir rəsmi ziyafətlə davam etdirilib.