Orbitin kosmik “zibil”dən təmizlənməsi üçün qurğunun sınağı keçiriləcək
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace eXploration Agency - JAXA) orbitə yerətrafı məkanda “zibil”in məhvi üçün qurğu çıxarmağa hazırlaşır.
“ICTnews” Elektron Xəbər Xidməti “
Naked Science” resursuna istinadən yazır ki, dekabrın 9-da Yaponiyanın cənubunda yerləşən Taneqasima kosmodromundan Beynəlxalq Kosmik Stansiyaya (BKS) bir neçə ton müxtəlif yükü çatdıracaq “HTV-6” kosmik yük gəmisi ilə “H-IIB” raketdaşıyıcısının buraxılışı həyata keçiriləcək.
Start çərçivəsində “JAXA” təkcə BKS-də olmaq deyil, kosmik qurğunun buraxılışını həyata keçirməyi planlaşdırır. Belə ki, kosmik yük gəmisi geri dönərkən kosmosa orbital “zibil”in məhvi üçün yeni test texnologiyasını göndərəcək.
Məlumata görə, uzunluğu 700 metr və mürəkkəb qurğu uçuşda zibilin qarşısını alaraq onu orbitin bütün tullantılarının, xüsusilə köhnə peyklərin, onların qırıntı və fraqmentlərinin tamamilə yanaraq məhv olacağı Yer atmosferinin sıx qatlarına çıxararaq elektromaqnit sahəsi yaradacaq.
Agentlik nümayəndələri qeyd edirlər ki, hazırkı uçuş sınaq uçuşudur. Qurğunun özünü yaxşı göstərəcəyi təqdirdə “JAXA” belə qurğulardan zibilin xüsusilə çox olduğu 800-1400 km hündürlükdə orbitlərin təmizlənməsi üçün istifadə etməyi planlaşdırır.
Xatırladaq ki, ötən həftə Rusiyada başa çatan “XXI əsrin kosmonavtikası” elmi-praktik konfransı çərçivəsində digər məsələlərlə yanaşı, yerətrafı orbitdə kosmik “zibil” problemi müzakirə edilib. Konfrans iştirakçıları qeyd ediblər ki, orbital “zibil” 100-200 ildən sonra Yerdə kosmik sahənin inkişafını təhlükə altına ala bilər.
Qeyd edək ki, “JAXA” Yaponiyanın kosmik və aviasiya proqramına məsul dövlət agentliyidir. Agentlik 1 oktyabr 2003-cü ildə üç müstəqil təşkilatın birləşməsindən sonra təsis edilib. Hazırda “JAXA” Yerin süni peyklərini, avtomatik planetlərarası stansiyalar buraxmaq imkanına malikdir, həmçinin Beynəlxalq Kosmik Stansiya proqramında iştirak edir, pilotlu kosmonavtikanın yaradılmasını və Ayın kəşfini planlaşdırır.
Agentliyin ən yaddaqalan uğuru 2014-cü ilin dekabrında ölkənin cənubunda yerləşən Taneqasima kosmodromundan həyata keçirilən “Hayabusa-2” (Şahin-2) kosmik zondunun buraxılışı olub. 2018-ci ildə zondun “1999 JU3” asteroidinin üst səthinə çataraq oradan torpaq nümunələri götürməsi gözlənilir. Bir sıra alimlərin fikrincə, götürülən nümunələrin tərkibində üzvi maddələr və su ola bilər. Kosmik aparatın Yerə əldə olunan nümunələrlə birlikdə 2020-ci ildə qayıdacağı bildirilir.
Nizam Nuriyev