Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Virtual reallığın inkişafı üçün assosiasiya yaradılıb


“Samsung” şirkəti “Google”, “HTC”, “Oculus”, “Sony” və “Acer” şirkətlərinin daxil olduğu Ümumdünya Virtual Reallıq Assosiasiyasının yaradılmasını bəyan edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, assosiasiyanın məqsədi virtual reallığın təşəkkülü və inkişafıdır. Şirkətlər aparat və proqram standartları formalaşdıracaq, ehtiyac olduqda məqsədə nail olmaq üçün hökumət və müxtəlif orqanlarda lobbiçilik edəcəklər. Bunadək yeni assosiasiyanın bütün üzvləri bir-biri ilə rəqabət aparsa da, hazırda onlar virtual reallıq bazarının inkişafı üçün birləşməyə hazırdırlar.

“Google” rəhbərlərindən biri Con Uayli bildirib ki, Ümumdünya Virtual Reallıq Assosiasiyası hamı üçün daha yaxşı virtual reallıq təcrübəsinin təmini yolunda atılan ilk zəruri addımdır. “Tədqiqatlar sahəsində əməkdaşlıq və qabaqcıl təcrübə mübadiləsi sayəsində bu istiqamət genişlənəcək və inkişaf edəcək. Biz həmkarlarımızla bu sahədə əməkdaşlığa ümid edirik”, - o qeyd edib.

“Samsung” şirkətinin mobil kommunikasiyalar üzrə vitse-prezidenti Tae-Yun Kimin sözlərinə görə, əhəmiyyətli tərəqqiyə nail olmaq üçün möhkəm təməlin yaradılması vacibdir. “Samsung” dünyada virtual reallığın etibarlı inkişafını təşviq və qəbul etmək üçün Ümumdünya Virtual Reallıq Assosiasiyasına qoşulmağa və bu sahənin digər liderləri ilə birgə fəaliyyətə şaddır”, - vitse-prezident əlavə edib.

Nizam Nuriyev 





09/12/16    Çap et