Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Müəllif Hüquqları üzrə Online Lisenziyalaşdırma Mərkəzi yaradılır


Müəllif Hüquqları Agentliyinin (MHA) nəzdində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Hüquqların Rəqəmli İdarəolunması üzrə Online Lisenziyalaşdırma Mərkəzi yaradılır.

Avropa təcrübəsi əsasında yaradılan yeni mərkəz ölkəmizdə bir çox hallarda müəllif hüquqlarının pozulması istiqamətində baş verən problemlərin aradan qaldırılmasına kömək edəcək.

MHA-nın hüquq şöbəsinin müdiri Xudayət Həsənli “ictnews”-a bildirib ki, layihə çərçivəsində hüquq-mühafizə orqanlarında əqli mülkiyyət hüquqlarının təminatı üzrə ixtisaslaşmış bölmələrin təşkili, agentliyin mütəxəssislərinin ixtisas biliklərinin artırılması, eləcə də hakimlərin ixtisaslaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və qanunvericilik aktlarının təkmilləşdirilməsi üçün təkliflər paketinin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, layihə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Tvinninq” layihəsinin icrası məqsədilə tenderin qalibi olmuş konsorsium və Müəllif Hüquqları Agentliyi (MHA) arasında bağlanmış müqavilə əsasında həyata keçiriləcək.

Layihənin məqsədi müəlliflik hüququ və əlaqəli hüquqların təminatının gücləndirilməsi, piratçılığın səviyyəsinin azaldılması, bu sahədə MHA-nın potensialının artırılmasıdır.

Avropa Komissiyasının təmsilçiləri MHA-da Hüquqların Rəqəmli İdarəolunması (DRM) üzrə Online Lisenziyalaşdırma Mərkəzinin yaradılması üçün proqram təminatının əldə edilməsi, bu sistemdə işləyəcək xüsusi xidmət personalının hazırlığı ilə əlaqədar təlimlərin keçirilməsi istiqamətində yardım göstəriləcəyini bildiriblər.




29/09/11    Çap et