Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Telekommunikasiya qovşaqları və poçt şöbələrində vətəndaşlarla ünsiyyətdə olan əməkdaşlar üçün təlimlər keçirilir


Telekommunikasiya qovşaqları və poçt şöbələrində vətəndaşlarla ünsiyyətdə olan əməkdaşlar üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Hökumət Təlim-Tədris Mərkəzində təlimlər keçirilir.
 
8-9 dekabr tarixlərində keçirilən ilk təlimlərdə xidmət sahəsində çalışan əməkdaşların elektron xidmətlərdən istifadəsinə dair biliklərinin artırılması nəzərdə tutulur. Təlimlərə cəlb edilən əməkdaşların əldə etdiyi biliklər sayəsində elektron xidmətlər sahəsi üzrə vətəndaşların müraciətlərinin daha dolğun cavablandırılması təmin ediləcək.
 
Təlimlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Bakı şəhərində yerləşən əsas tədris binasında və telekonfrans vasitəsilə ölkənin digər 12 şəhərində (Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə, Qazax, Qəbələ, Göyçay, Şamaxı, Şirvan, Şəki, Qusar) yerləşən regional tədris mərkəzlərində təşkil ediləcək. Ümumilikdə təlimlərə 250 nəfərə yaxın əməkdaşın cəlb edilməsi nəzərdə tutulur.
 
RYTN-in Məlumat Hesablama Mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının təlimçi qismində iştirak etdikləri təlimlərdə "Elektron hökumət" portalından istifadəyə dair əhəmiyyətli təlimatlar veriləcək.
 
 Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən elektron xidmətlər üzrə əməkdaşların təlimatlandırılması və əhalinin maarifləndirilməsi məqsədilə mütəmadi təlimlər keçirilir. 



















12/12/16    Çap et