İT milyarderləri alternativ enerji mənbələrinə dəstək məqsədilə investisiya fondu təsis ediblər
"Microsoft" şirkətinin qurucusu Bill Qeyts və bir neçə başqa milyarder ekoloji cəhətdən təmiz enerji sahəsində texnologiyaların inkişafı üçün nəzərdə tutulmuş "Breakthrough Energy Ventures" investisiya fondunu təsis ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "
dailycomm.ru" saytına istinadən yazır ki, Bill Qeytsdən başqa, layihədə "Amazon" korporasiyasının yaradıcısı və direktoru Ceff Bezos, "Virgin Group" şirkətinin sahibi Riçard Brenson, "Alibaba" onlayn riteylerinin direktorlar şurasının sədri Cek Ma, "SAP" şirkətinin həmtəsisçisi Hasso Plattner və Səudiyyə şahzadəsi Al-Valid Ben Talyal iştirak edir.
Fondun kapitallaşması 1 milyard dollardan çoxdur. Bu vəsait istixana effektinə səbəb olan qaz tullantılarını azaltmağa imkan verən texnologiyalara sərf ediləcək. Bundan başqa, "yaşıl" enerji texnologiyalarına, həmçinin kənd təsərrüfatı və nəqliyyat sahələrinə sərmayə qoymaq planlaşdırılır.
"Bizim məqsədimiz dünyanı zərərli tullantılarsız, yeni nəsli etibarlı və əlçatan enerji ilə təminetməkdə kömək etməkdir" – Bill Qeyts bəyan edib.
Emil Hüseynov