Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“3D” printerdə çap edilən damarlar uğurla heyvanlara köçürülüb
Çinin “Sichuan Revotek” innovativ şirkəti dünyada “3D” printerdə çap edilən ilk süni qan damarları istehsalçısı olub.
“ICTnews” Elektron Xəbər Xidməti “Medportal” resursuna istinadən yazır ki, biotexnologiya mütəxəssislərinin sözlərinə görə, onlar həqiqi, canlı və fəaliyyət göstərən qan damarları yaratmaqla irəliləyişə nail olublar. Hazırda əksər universitet alimləri süni orqanların yaradılması üzərində çalışırlar, lakin bu orqanlar qandan lazımi maddələri müəyyən üsullarla almalıdır. “Sichuan Revotek” əməkdaşlarının texnologiyası məhz bu məsələdə yardımçı olacaq.
Məlumata görə, yeni damarlar gövdə hüceyrələri əsasında yaradılan biomürəkkəblə çap edilib. Hüceyrələr makaka rezus meymunlarından götürülüb. Protez olmayan məmulatlar bütöv üzvi qan damarlarıdır. Çin şirkətinin baş elmi əməkdaşı Kan Yuyan bildirib ki, yeni damarlar orqanizmə yerləşdirildikdən sonra 5 gün ərzində yeni endoderma qatı formalaşır, eyni zamanda hamar əzələ hüceyrələri böyüməkdə davam edir. 28 gün ərzində implantasiya edilmiş damar hüceyrələri digər hüceyrələrlə qarışır və çap edilən damar adi damara çevrilir.
Bildirilir ki, alimlər makaka rezus meymunları üzərində sınaq aparıblar. 30 heyvana çap edilmiş damarlar implantasiya edildikdən sonra tədqiqatçılar onları müşahidə etməyə başlayıblar. Bir neçə aydan sonra mütəxəssislər müəyyənləşdiriblər ki, artıq süni damarları həqiqi damarlardan fərqləndirmək mümkün deyil və bütün heyvanlar özlərini yaxşı hiss edirlər.
“3D” printerdə çap edilən damarların klinik praktikada tətbiqi barədə danışmaq tez olsa da, onlardan bir dəfə istifadə reallığa çevrilə bilər.