Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Superkompüter gələcəyin avtomobilini yaratmağa kömək edəcək


Almaniyanın “BMW” avtomobil istehsalçısı və ABŞ-ın “IBM” informasiya texnologiyaları şirkəti süni intellektlə təchiz edilən gələcəyin avtomobillərini yaratmaq üçün səylərini birləşdirib. Bu məqsədlə tərəfdaşlar “IBM Watson” superkompüterindən istifadə etmək niyyətindədirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkətlər sürücülərə təbii danışıq dilindən istifadə etməklə avtomobillərlə işləməyə imkan verən interfeyslər hazırlayırlar.
 
Məlumata görə, artıq “Watson” platforması ilə təchiz edilən 4 hibrid “BMW i8” idman avtomobili istehsal edilib. Hazırda avtomobil sahibləri səslə maşının istismarı - bu və ya digər aqreqatın və ya idarəetmə sisteminin necə işləməsi barədə suallar verə bilirlər.
 
Süni intellektin avtomobil sahiblərinin vərdiş və üstünlüklərini öyrənərək daha rahat, təhlükəsiz və yanacaqdan istifadə baxımından qənaətli sürməni təmin edəcəyi nəzərdə tutulur. Bundan başqa, “Watson” sürmə zamanı nasazlıqlara diaqnoz qoyaraq çoxsaylı ötürücülərdən məlumat toplayacaq, eləcə də mümkün olduqda proqram vasitəsilə bir sıra problemləri həll edəcək.
 
Qeyd edək ki, “Watson” 2011-ci ildə “Jeopardy!” televiziya viktorinasında qalib olandan sonra məşhurlaşmağa başlayıb. O vaxtdan superkompüterə kommersiya təşkilatları maraq göstərir. Məsələn, 2012-ci ildə ondan ABŞ-ın bir neçə klinikasında müxtəlif xəstəliklərin müalicəsinə tövsiyələr verməsi üçün virtual diaqnost kimi istifadə edilib. 
 
Bundan başqa, superkompüter Los-Ancelesin Sidars-Sinay tibb mərkəzi ilə əməkdaşlıq edərək onkoloji xəstəliklərlə bağlı məlumatlar verib. “Watson” həmçinin “Citigroup” şirkətində və çağırış mərkəzlərində tətbiq edilərək orada maliyyə məsləhətçisi rolunda (səhmlərin müstəqil şəkildə satılması istisna olmaqla) çıxış edib: kompüter bank müştərilərinə pensiya və əmanət yığımlarının incəliklərini, mobil rabitə operatorlarının müştərilərinə isə xidmətə neçə qoşulmağı və ya hesabı necə ödəməyi izah edib.   
 
“IBM” mütəxəssisləri sistemin hazırlanmasına dörd ildən çox vaxt sərf ediblər. Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir. 2 800 nüvə üzərində işləyən “Watson”un prosessorunun operativ yaddaşı 16 terabayt təşkil edir.   
 
Superkompüterin ən mürəkkəb proqramlarından biri adi dildə daxil edilən sualları emal edən “DeepQA” proqramıdır. Məhz insan cümləsinin başa düşülməsi “Watson”u yalnız əsas sözlərə cavab kimi nəticələr göstərən adi axtarış sistemindən fərqləndirir.

Nizam Nuriyev 





17/12/16    Çap et