Növbəti ildən Danimarkada nağd pul buraxılışı dayandırılacaq
Danimarka Milli Bankı 2017-ci ildən etibarən krallığın kron milli valyutasının buraxılışını dayandıraraq onu elektron pulla əvəzləməyi planlaşdırır. Hakimiyyət və bank nümayəndələrinin fikrincə, bu, əvvəllər banknot və sikkələrin buraxılışına sərf edilən büdcə vəsaitlərinin effektiv qənaətinə imkan verəcək. Elektron ödənişlərə keçid, həmçinin kölgəli pul sektoru ilə mübarizəyə müsbət təsir göstərəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
Hi-News” resursuna istinadən yazır ki, krallıq hakimiyyəti nağd pulları dövriyyədən çıxarmağa başlayaraq Danimarka Milli Bankının “pul çapetmə dəzgahı”nın Finlandiyanın müvafiq orqanına təhvil verilməsi ilə bağlı qərar qəbul edib. Burada söhbət nağd pulların dərhal dövriyyədən çıxarılmasından getməsə də, Danimarka hökuməti artıq kağız pulların və sikkələrin 2030-cu ilədək dövriyyədən tam çıxarılması ilə bağlı plan hazırlayıb.
Maliyyəçilər bildiriblər ki, nağd ödənişlərin azaldılması siyasəti sayəsində son on beş ildə çap edilmiş valyuta ilə həyata keçirilən əməliyyatlar 83 faizdən 30 faizədək aşağı düşüb. Bundan başqa, digər uğur kimi kölgəli ödənişlərin pul dövriyyəsinin son dörd ildə 6 milyard dollardan 4 milyard dollaradək azalmasını qeyd etmək olar.
Danimarkadan nümunə götürən Norveç və İsveç də vətəndaşları nağd ödənişlərdən çəkindirməyə çalışır. Bu ölkələrin sakinləri hər yerdə kart vasitəsilə istənilən xidmətə görə ödəniş etmək imkanına malikdirlər, nağd ödənişlər isə hər yerdə qəbul edilmir. Lakin Avropada bu məsələdə mühafizəkar mövqedən çıxış edən ölkələr də var. Məsələn, avro pul dövriyyəsinin təxminən dörddə bir hissəsi İtaliyanın payına düşür.
Nizam Nuriyev