Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Başqa qurğuları enerji ilə doldurmağa imkan verən smartfon təqdim olunub


Çinin “Gionee” şirkəti 26 dekabr tarixində “Gionee M2017” smartfonunu rəsmən təqdim edəcək. Sözügedən aparatda akkumulyatorun tutumu 7000 milliamper/saat təşkil edir. Bu, smartfon bazarında ən güclü batareyalardan biridir. Smartfon, həmçinin başqa qurğular üçün kənar akkumulyator kimi istifadə edilə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, “Gionee M2017” aparatı 2560 x 1440 piksel təsvir ölçülü 5.7 düym diaqonallı ekranla təchiz edilib. Displeyin işlənib hazırlanmasında “AMOLED” texnologiyasından istifadə olunub. Smartfona 1.96 QHs takt tezlikli 8 nüvəli prosessor quraşdırılıb, əməli yaddaşın tutumu 6 QB, daxili yaddaş isə 128 QB-dır. “Gionee M2017” aparatı barmaq izi skaneri ilə təchiz edilib və “Android 6.0.1 Marshmallow” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

Smartfon üç kamera ilə təchiz edilib. İki arxa kameranın təsvir ölçüsü müvafiq olaraq 12 Mp və 13 Mp, ön kamerada isə 8 Mp-dir. Qurğunun ölçüsü 155.2 x 77.6 x 10.65 mm, çəkisi isə 230 qramdır. “Gionee M2017” aparatının çəkisinin çox olması akkumulyatorla izah edilir. Yeni smartfon yalnız qara-qızılı rəngdə əlçatandır.

Məlumat üçün bildirək ki, Çinin “Oukitel” şirkəti tərəfindən 2015-ci ilin dekabrında çıxarılmış “Oukitel K10000” smartfonu akkumulyatorun tutumuna (10000 milliamper/saat) görə liderdir. Şirkətin rəsmiləri əmin edirlər ki, “Oukitel K10000” smartfonu normal istifadə rejimində 15 gün avtonom işləyir. Bu smartfon, həmçinin “OTG” birləşdiricisi vasitəsilə başqa qurğunu enerji ilə yükləyə bilər.

Emil Hüseynov





20/12/16    Çap et