Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnsanı stressdən xilas edəcək qurğu yaradılıb


San-Fransiskodan olan startapçılar tərəfindən yaradılmış qurğu sakitləşməyə kömək edir. “Lief” adlandırılmış qurğu stress siqnallarını qeydə alan kimi titrəməyə başlayır.

İngilisdən tərcümədə "yaxın dost", "sevimli insan" mənasını verən “Lief” cihazı geyimin altında qalaraq gözə görünmür. Qurğu ürəyə yaxın hissəyə bərkidilir. Elastik formada olan korpusun qalınlığı 6 mm-dir.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, sözügedən qurğu orqanizmdə 7 göstəricinin işini qiymətləndirir: ürək ritminin vəziyyəti, nəbz, nəfəs tezliyi, əhval-ruhiyyə, düşünmə qabiliyyəti, fiziki fəaliyyət, parasimpatik aktivləşdirmə.

Cihaz ürək ritminin vəziyyətini yaxşılaşdırmaqla stressin səviyyəsini optimallaşdırır.

Ürək ritminin vəziyyəti – bu, insanın fiziki və psixi sağlamlığının bioloji göstəricisidir. Bu göstərici aşağı olduqda insan stress keçirir (məsələn, həyəcanlı olur, iş qabiliyyəti azalır, fiziki vəziyyəti pisləşir).

“Lief” qurğusu orqanizmə stresslə təbii mübarizə üsulunu öyrədir. Cihaz stress siqnalları qeydə alan kimi titrəməyə başlayır. Nəfəsalma və ürək ritmini normaya salmaq üçün cihaz onları sinxronlaşdırıb lazımi ritm vibrasiyaları yaradır. 3 dəqiqə ərzində insanın ürək döyüntüsü göstəriciləri və nəfəsalma tezliyi normaya düşür. Beləliklə, istifadəçi heç bir dərman qəbul etmədən stressdən qurtulur. “Lief” cihazından istifadə nəticəsində ürək ritminin vəziyyəti 140% yaxşılaşır. 

Cihazın daxili akkumulyatoru onun 8 həftə avtonom işləməsinə imkan verir. “USB” kabel vasitəsilə enerji toplayır.

Layihəyə köməklik etmiş insanlar üçün cihazın qiyməti 179 dollardır. Sonrakı qiyməti 299 dollar olacaq.

Emil Hüseynov




20/12/16    Çap et