Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnsanabənzər döyüş robotu nümayiş olunub
Cənubi Koreyanın “Korea Future Technology” şirkəti seriyalı istehsal üçün nəzərdə tutulan pilotlu insanabənzər robot prototipi təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, idarə edilən insanabənzər robotlar və ya insanabənzər döyüş robotları elmi-fantastik əsərlərdə ən populyar silahdır. Lakin reallıqda bu qurğu nümunələri adətən bir nüsxədə mövcud olur və sərgilər üçün rekvizit kimi istifadə edilir. Məsələ ondadır ki, real vəzifələrin həlli üçün insanabənzər döyüş robotları iri və bahalıdır.
“METHOD-1” adlanan yeni prototip vəzifəsi hələ müəyyənləşməyən işlək qurğu kimi qələmə verilir. Əvvəlcə şirkət robotun hazırlanmasını başa çatdıraraq sonradan onun mümkün tətbiqi sahələrini müəyyənləşdirmək niyyətindədir. Nümayiş zamanı müəlliflər göstəriblər ki, “METHOD-1” artıq addımlaya və operatorun ardınca əllərini tərpədə bilir.
Robotun hündürlüyü 4 metr, çəkisi 1,5 ton təşkil edir.