“Gartner”: 2019-cu ilə smartfonlarla edilən əməliyyatların 20%-i virtual assistentlər üzərindən həyata keçiriləcək
"Gartner"in analitikləri tərəfindən keçirilmiş sorğunun nəticələrinə görə, ABŞ-da rəyi soruşulanların 42%-i, Böyük Britaniyadan isə 32%-i son üç ayda ən azı bir dəfə smartfonda şəxsi virtual assistentə ("VPA") müraciət edib. Rəyi soruşulmuşların 37%-dən çox hissəsi isə ən azı gündə bir dəfə "VPA" xidmətlərindən istifadə edir. Analitiklərin proqnozuna görə, yaxın illərdə istifadəçilər arasında "VPA" xidmətlərinin populyarlığı o qədər artacaq ki, 2019-cu ildə artıq smartfonlarla edilən əməliyyatların 20%-i virtual şəxsi assistentlər üzərindən həyata keçiriləcək.
"ICTnews" Elektron Xəbər Xidməti "
computerworld.ru" saytına istinadən yazır ki, "VPA" arasında ən geniş yayılmış xidmətlər "Apple Siri" və "Google Now"-dur. Respondentlərin 54%-i "Siri" xidmətindən istifadə edir. ABŞ-da rəyi soruşulanların 48%-i, Böyük Britaniyada isə 41%-i "Google Now" xidmətindən yararlanır.
Virtual assistentlər hələ ki yalnız sadə komandalar yerinə yetirmək qabiliyyətinə malikdirlər: zəngli saatı qurmaq və ya internetdə informasiya axtarmaq, amma yaxın gələcəkdə mürəkkəb məsələləri (məsələn, maliyyə əməliyyatları) də həll edə biləcəklər. 2020-ci ilə mobil qurğuların bir çoxunda səs və jestlərlə qarşılıqlı əlaqə yaratmağa imkan verən interfeyslər əlçatan olacaq.
Emil Hüseynov