Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir foton vasitəsilə informasiya ötürülüb


Priston Universitetinin alimləri bir elektrona kvant informasiyanı fotona ötürməyə imkan verən qurğu icad ediblər. Ötən həftə “Science” jurnalında dərc edilən tədqiqat kvant kompüter texnologiyaları sahəsində əsl irəliləyiş ola bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, universitet alimi Syao Minin sözlərinə görə, indi biz kvant vəziyyəti bilavasitə fotona ötürmək imkanına malikik. “Əvvəllər bunu kvant vəziyyətin informasiya ötürülənədək itməsinə görə yarımkeçirici cihazlarsız etmək qeyri-mümkün idi”, - o bildirib.

Məlumata görə, alimlərin yaratdığı qurğu beşillik tədqiqatın nəticəsidir və üstündə nanonaqillərin yerləşdiyi silisium və silisium-germanium qatlarından ibarət yarımkeçirici çipdir. İnsan tükündən nazik olan naqillər çipə elektrik enerjisinin çatdırılması üçün lazımdır. Onun vasitəsilə alimlər elektronu silisium qatları arasında kvant nöqtələri (enerji daşıyıcıları məkanda üç ölçü üzrə məhdudlaşdırılan keçirici və ya yarımkeçirici fraqmentlər) kimi tanınan mikrostrukturlarda ələ keçirə biliblər.

Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.

Elektronlar arasında vasitəçi kimi alimlər kənar təsirlərə daha dözümlü və informasiyanı təkcə bir kvant çipin mikrosxemləri daxilində deyil, həm də kvant çiplər arasında ötürə bilən fotonu seçiblər.

Məlumat üçün qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.
Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daima azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıracaq.  

Nizam Nuriyev 





26/12/16    Çap et