Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən kiçik mikroçipi


“Toshiba” korporasiyası yeni mikroçip hazırlaması ilə bağlı məlumat verib. Bu mikroçip verilənlərin simsiz ötürülməsi texnologiyasının irəliləyişinə imkan yaradacaq.

Portativ qurğu və məişət elektronikasında istifadə üçün nəzərdə tutulmuş “TransferJet” sistemi bir neçə santimetr radiusda verilənləri 560 Mbit/s-ə qədər sürətlə ötürməyə imkan yaradır. Faylların ötürülməsi üçün “TransferJet” dəstəyi ilə olan 2 qurğunu bir-birinə sadəcə yaxınlaşdırmaq kifayətdir.

Belə ki, 2 smartfonu yaxınlaşdırıb, birinin yaddaşından musiqi kompozisiyalarını digərinin yaddaşına göndərmək olar.

Hazırda “TC35420” adlanan mikroçip dünyada ən kiçik mikroçip hesab olunur. Onun ölçüləri 4,0×4,0×0,5 millimetr təşkil edir. Bu, çipin yığcam qurğulara, xüsusilə smartfon və planşet kompyuterlərinə inteqrasiyasını mümkün edir.

Bundan başqa, “Toshiba” qeyd edib ki, “TC35420” məmulatı analoji məhsullar arasında ən yüksək həssaslığa malikdir, bu isə sabit əlaqəni təmin edəcək. Mikroçipin kütləvi istehsalı 2012-ci ilin ikinci rübünə nəzərdə tutulub.




29/09/11    Çap et