2016-cı ilin təmirə ən yararlı smartfonları bəlli olub
“ifixit.org” resursu 2016-cı ildə təmirə ən yararlı smartfonların reytinqini tərtib edib. "Demək olar ki, telefonlar hər yerdə bizimlədir. Buna görə telefonlar digər cihazlara nisbətən daha tez-tez qırılır. Dünyada smartfon sahiblərinin təxminən 50%-i ən azı bir dəfə öz aparatının ekranını sındırıb. Bəs telefonların təmiri rahatdırmı?" – deyə ekspertlər maraqlanıblar. “ifixit.org” resursu təmirə yararlılığının əsas meyarlarından biri kimi cihazın asan sökülməsini göstərib.
“ICTnews” Elektron Xəbər Xidməti “
cnews.ru” saytına istinadən yazır ki, mütəxəssislər tərəfindən təmirə ən yararlı hesab edilən “LG G5" aparatı reytinqin ön pilləsində qərarlaşıb. "İstifadəçi tərəfindən dəyişdirilə bilən akkumulyator və modulyar komponentlərə malik sözügedən smartfon ilin nəticəsinə görə ən təmirə yararlı hesab edilib" – ekspertlər bildiriblər.
Təmirə yararlılıq balı 7 olan “Google Pixel” və “iPhone 7” reytinqdə sonrakı yerləri bölüşüblər. Mütəxəssislərin sözlərinə görə, “Google Pixel” modulyar komponentlərdən ibarət olsa da, ancaq smartfonu açarkən ekranı zədələməmək son dərəcə çətindir.
“Apple” məhsullarına gəlincə, mütəxəssislər adıçəkilən şirkətin məhsullarını açarkən 4 müxtəlif vintburandan istifadəni bəyənməyiblər. “Google Pixel” və “iPhone 7” aparatlarını müqayisə edən ekspertlər “Pixel” aparatına üstünlük veriblər. “iPhone SE” aparatı reytinqdə 6-cı yeri tutub.
Cənubi Koreyanın “Samsung” şirkətinin məhsulları reytinqdə sonuncu pillədə qərarlaşıblar. Müvafiq olaraq 4 və 3 bal toplamış “Galaxy Note7” və “Galaxy S7/Edge” smartfonları təmirə ən az yararlı aparatlar seçilib.
Emil Hüseynov