Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Rabitə və telekommunikasiya sahəsində restrukturizasiya və özəlləşdirmə – Almaniya təcrübəsi” mövzusunda seminar keçirilib
Sentyabrın 29-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Rabitə və telekommunikasiya sahəsində restrukturizasiya və özəlləşdirmə – Almaniya təcrübəsi” mövzusunda seminar keçirilib.
Tədbir komitənin Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsinə məsul olan qurumu ilə birgə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əməkdaşlığı çərçivəsində təşkil edilib.
Seminarda komitənin mərkəzi aparatı və strukturuna daxil olan qurumların əməkdaşları ilə yanaşı, GİZ-in layihə rəhbəri Vulf Şimider və almaniyalı ekspert Kristof Drayer iştirak edib.
Xarici ekspertlər Avropa ölkələrində, o cümlədən Almaniyada rabitə və telekommunikasiya sferasında həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermiş, bu islahatlar çərçivəsində rabitə və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin restrukturizasiyası və səhmlərinin özəlləşdirilməsi təcrübəsini bölüşüblər.
Bu sahənin inkişafına irihəcmli investisiyaların cəlb edilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə şəraitin yaradılması mexanizmləri şərh edilib.
Bununla yanaşı, özəlləşdirmə prosesinin müəssisələrin, işçilərin və investorların maraqlarının nəzərə alınmaqla təşkili qaydaları açıqlanıb.
Seminarda rabitə müəssisələrinin restrukturizasiyası və özəlləşdirilməsinə dair Avropa ölkələrində, o cümlədən Almaniyada toplanılmış təcrübənin Azərbaycanda tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb. Sonda iştirakçılara sertifikatlar verilmişdir.
29/09/11 Çap et