Gözlə idarə olunan smartfon hazırlanıb
Çinin ikinci ən böyük smartfon və telekommunikasiya avadanlığı istehsalçısı "ZTE" şirkəti istifadəçinin göz bəbəyinin hərəkəti vasitəsilə verilən komandaları yerinə yetirən smartfon hazırlanmasını açıqlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "
TASS" resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, smartfon ön kamerada quraşdırılan xüsusi texnologiya sayəsində gözlərin hərəkətinə reaksiya verir. Qurğunun üst tərəfi onu asanlıqla divara bərkitməyə və ehtiyac yarandıqda çıxartmağa imkan verən xüsusi materialla örtüləcək.
Layihə iştirakçılarından birinin jurnalistlərə bildirdiyinə görə, yeni qurğu sayəsində istifadəçi əksər gündəlik vəziyyətlərdə həyatını asanlaşdıra biləcək (məsələn, bir əllə tutacaqdan tutmağın, digəri ilə telefonu saxlamağın lazım olduğu metroda). Bunun üçün virtual səhifələri dəyişməyə ehtiyac qalmayacaq və gözləri yalnız fırlatmaq tələb olunacaq.
Mütəxəssislər qeyd ediblər ki, hazırda yeni smartfon sınaq, eləcə də layihənin gələcək maliyyələşməsi ilə bağlı bir sıra detalların razılaşdırılması mərhələsindədir.
"ZTE" məhsulu ictimaiyyətə bu ilin sentyabrında təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, "ZTE" şirkəti Çində həm dünya smartfon istehsalçılarından "Samsung Electronics", "Apple", "Huawei", həm də "Lenovo" və "Xiaomi" kimi yerli şirkətlərlə rəqabət aparır.
Nizam Nuriyev