Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Molekulyar skanerli ilk smartfon təqdim edilib


Çinin ən böyük televizor istehsalçısı "Changhong" şirkəti Las-Veqasda keçirilən "CES" sərgisi çərçivəsində geniş tətbiqi potensiala malik dünyada ilk quraşdırılmış molekulyar sensorla təchiz edilən "Changhong H2" smartfonunu təqdim edib.  

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, qeyri-adi "SCiO" ötürücüsü iki il əvvəl "Kickstarter" saytında uğurla vəsait toplayan yaxın infraqırmızı spektrometrin miniatür versiyasıdır. Ötürücü müxtəlif məhsul və ya obyektləri onların üst səthlərinin "izi"nə görə tanıya bilir. Məsələn, sensor çiyələk tabağında ən şirin giləmeyvəni və ya dondurmanın kaloriliyini müəyyənləşdirir, saxta dərmanı tanıyır və ya smartfon sahibinin bədənində piyin miqdarını hesablayır.

"Changhong H2" ötürücüsü ümumilikdə qeyd olunan vəzifələrin öhdəsindən uğurla gəlir, perspektivdə isə proqram tərtibatçılarının müxtəlif məhsulların "izləri"ni əvvəlcədən toplayacağı təqdirdə geniş spektrli əlavələrin yaradılması üçün istifadə oluna bilər. Məsələn, spektrometr çörəkdə zülalın miqdarını müəyyənləşdirir.

Yeni smartfonun əsas xüsusiyyətləri kimi onun alümin korpus çərçivə, 1920*1080 təsvir ölçülü 6 düymlük displey, adı açıqlanmayan səkkiznüvəli prosessor, 16 meqapikselli əsas kamera, barmaq izi ötürücüsü və 3 min milliamper/saat tutumlu batareya ilə təchiz edilməsi qeyd olunur.

"Changhong H2" smartfonunun yaxın vaxtlarda Çin, ilin sonunda isə ABŞ bazarında satışa çıxarılacağı gözlənilir. Qurğunun qiyməti barədə məlumat verilmir.

Nizam Nuriyev







09/01/17    Çap et