“Samsung” daşınan qurğuları “iOS” sistemini dəstəkləməyə başlayıb
Cənubi Koreyanın "Samsung" şirkəti "Gear S3", "Gear S2" "ağıllı" saatlarında və "Gear Fit2" idman bilərziyində əksər istifadəçilərin çoxdan gözlədiyi "Apple" smartfonları ilə sinxronlaşdırmanın dəstəklənməsini istifadəyə verib.
"ICTnews" Elektron Xəbər Xidməti "
NEWSru" resursuna istinadən yazır ki, şirkətin saytında dərc edilən məlumata görə, yanvarın 7-dən etibarən qeyd olunan daşınan qurğu istifadəçiləri saatlar və ya bilərzik üçün proqramı "App Store" (Samsung Gear S və ya Gear Fit) əlavələr mağazasından yükləyərək onu "iPhone 5" və "iOS 9" əməliyyat sisteminin, eləcə də ondan yuxarı sistemlərin idarəetməsi ilə işləyən sonrakı "iPhone" modelləri üçün quraşdıra bilərlər.
Əlavə quraşdırıldıqdan və işə salındıqdan sonra istifadəçilərdən "ağıllı" saatları və ya "Gear" bilərziyini smartfona qoşmaq tələb olunur. Sinxronlaşdırmadan sonra istifadəsi mümkün olacaq funksiyaların siyahısı qurğunun konkret modelindən asılı olacaq. Məsələn, istifadəçilər fiziki aktivlik, sərf edilən kalorinin miqdarı və ürək ritmi barədə məlumatlar əldə edə biləcəklər.
Xatırladaq ki, "Tizen" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Gear S3" saatı ötən ilin sentyabrında "Classic" və "Frontier" versiyalarında təqdim olunub. Qurğunun hər iki versiyası 360*360 piksel təsvir ölçülü 1,3 düymlü dairəvi displey və "Gorilla Glass" qoruyucu şüşəsi ilə təchiz edilib. 1 QHs takt tezlikli ikinüvəli prosessor əsasında işləyən saatların operativ yaddaş tutumu 768 meqabayt, quraşdırılmış yaddaşı 4 giqabayt təşkil edir. "Ağıllı" saatların korpusu "IP68" standartı üzrə toza və suya davamlıdır. Saatların siferblatı ətrafındakı fırlanan halqa isə əvvəlki nəsil qurğularla müqayisədə təkmilləşdirilib.
Saatların daha bir xüsusiyyəti onlardan pleyer (musiqinin yüklənməsi üçün 2 giqabayt yaddaş ayrılıb) kimi istifadəyə imkan verən quraşdırılmış dinamikdir. Altimetr, barometr, "GPS" və "NFC" modulları ilə təchiz edilən modellər siferblatın daim göstərilməsi rejimini (Always-on display), eləcə də mətnin əllə yazılaraq daxil edilməsini dəstəkləyir. Tutumu 380 milliamper/saat təşkil edən akkumulyator saatları avtonom rejimdə dörd günədək işlə təmin edir.
Nizam Nuriyev