Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” şirkətinin adı dəyişdiriləcək


“Yahoo!” internet şirkəti “Verizon Communications” telekommunikasiya şirkətinə satıldıqdan sonra “Altaba” adlanacaq, həmçinin şirkət prezidenti Marissa Mayer vəzifəsini tərk edəcək.   

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, M.Mayer saziş tamamlandıqdan sonra şirkətin Direktorlar Şurasını tərk etməyi planlaşdıran altı üzvündən biridir. Direktorlar Şurası üzvlərinin tutduqları vəzifələri tərk etməklə bağlı qəbul etdikləri qərarın şirkətdə fikir ayrılığı ilə əlaqədar olmaması bildirilir.

Məlumata görə, ötən il “Yahoo!” şirkətinə iki böyük haker hücumu nəticəsində bütün istifadəçilərin məlumatlarının ələ keçirilməsinin məlum olmasına baxmayaraq “Verizon” alış üzrə sazişi başa çatdırmaq niyyətindədir.

“Yahoo!”-nun telekommunikasiya şirkətinə 4,83 milyard dollara satılması ilə bağlı sazişin imzalanması ötən ilin iyulunda açıqlanıb. Tamamlanması 2017-ci ilin birinci rübünə nəzərdə tutulan saziş başa çatdıqdan sonra internet şirkəti “Alibaba Group Holdings” və “Yahoo! Japan” şirkətlərində səhmlər paketini, eləcə də patentlərin bir hissəsini özündə saxlayacaq. “Altaba” adlanacaq şirkətin Direktorlar Şurasının tərkibinə beş nəfərin daxil olması gözlənilir.   

Nizam Nuriyev 





10/01/17    Çap et