Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

200 min dollar ödəniş tələb edən virus aşkar edilib


“Eset” antivirus şirkəti “KillDisk” zərərverici proqram təminatının yeni versiyasının aşkar edilməsi haqda məlumat verib. Bu virus kompüteri yoluxdurduqdan sonra istifadəçidən kompüterə giriş üçün 200 min dollar məbləğində ödəniş tələb edir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Eset” şirkəti “KillDisk” virusunu dağıdıcı komponent adlandırıb. Sözügedən virus 2015 və 2016-cı illərdə Ukraynanın enerji və maliyyə şirkətlərinə hücumlar zamanı istifadə olunub. İndi bu virus faylları şifrləmə funksiyasına malikdir. Virusun yaradıcıları yoluxmuş qurğuların blokdan çıxarılması üçün 222 bitkoin ( 200 mindən çox dollar) tələb edirlər.

“KillDisk” zərərverici proqram təminatının yeni versiyası həm “Windows”, həm də “Linux” əməliyyat sistemi ilə işləyən kompüterlərə hücum edir. Yalnız işçi stansiyalar deyil, həm də serverlər bu virusun qurbanı olurlar.

Bu halda proqram virusa yoluxmuş kompüterdə şifrləmə açarlarını saxlamır və onu məsafədən idarə olunan serverə göndərmir. Bu o deməkdir ki, hətta tələb olunan məbləğin ödənilməsi məlumatların bərpasına zəmanət vermir.

Emil Hüseynov





11/01/17    Çap et