“3D” çap bazarının həcmi il ərzində 22% artacaq
“IDC” analitiklərinin qiymətləndirməsinə görə, 2016-cı ildə “3D” printerlər, onlar üçün materiallar, proqram təminatı və əlaqədar xidmətlərin satın alınmasına 13.2 milyard dollar xərclənəcək. Növbəti illərdə sözügedən bazarda əldə olunan gəlir orta hesabla 22.3% artaraq 2020-ci ildə 28.9 milyard dollara yaxınlaşacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, bu sahənin coğrafi baxımdan perspektivini təhlil etmiş ekspertlər bildiriblər ki, 2015-2020-ci illərdə “3D” çap üçün avadanlıq, proqram təminatı və xidmətlər üzrə ümumi xərclərin 25%-i ABŞ-ın payına düşəcək. Avropa, Asiya-Sakit okean regionu və Yaponiya ümumi gəlirin 50%-ni təmin edəcək. Bununla belə ən yüksək artım tempi Yaxın Şərq və Afrika ölkələrində, həmçinin Mərkəzi və Şərqi Avropada müşahidə ediləcək.
Araşdırmaya əsasən, prototip və detalların yaradılmasını nəzərdə tutan diskret istehsal “3D” çap bazarında aparıcı istiqamətə çevriləcək. Bundan başqa, yaxın illərdə səhiyyə sahəsinin töhfəsi xeyli artacaq: 2020-ci ildə bu sektordan əldə olunan gəlir 3.1 milyard dolları ötəcək ki, bu da səhiyyə sahəsinin 3D” çap bazarının inkişafına əhəmiyyətli töhfə verən sahələrin siyahısında ikinci yeri tutmasına imkan verəcək.
Mütəxəssislər 2016-cı ildə layihələndirmə, avtomobil sənayesi üçün prototiplərin sürətli yaradılması, aviakosmik və müdafiə sahələri üçün detalların istehsalını üçölçülü çap texnologiyasının tətbiqi üzrə ən gəlirli sahələr adlandırıblar. “IDC”-nin qiymətləndirməsinə görə, birinci istiqamət 3.9 milyarddan çox, ikinci istiqamət isə 2.4 milyard dollar qazandıracaq. “3D” çap texnologiyasının köməyi ilə alət və komponentlərin istehsalı daha bir perspektivli istiqamət olacaq.
Emil Hüseynov